Fəsil I
Qədim London şəhərində, on altıncı əsrin ikinci rübünə düşən bir payız günü Kenti soyadlı kasıb bir ailədə oğlan uşağı dünyaya gəldi - onu istəməyən bir ailədə. Elə həmin gün Tüdor soyadlı varlı bir ailədə başqa bir ingilis körpəsi doğuldu; onu isə gözləyirdilər. Bütün İngiltərə onu gözləyirdi. İngiltərə o qədər uzun müddət onun həsrətini çəkmiş, onu ummuş, onun üçün Allaha yalvarmışdı ki, indi, o həqiqətən gələndə, xalq az qala sevincdən dəli oldu. Bir-birini güclə tanıyanlar qucaqlaşıb öpüşür, ağlayırdılar. Hamı işini yerə qoydu; böyüklü-kiçikli, varlı-kasıb yeyib-içdi, oynadı, oxudu, kefi kökəldi; bu isə günlərlə, gecələrlə davam etdi. Gündüzlər Londona baxmağa dəyərdi: hər eyvandan, hər damdan rəngbərəng bayraqlar dalğalanır, küçələrdən təmtəraqlı yürüşlər keçirdi. Gecələr də baxmağa dəyərdi: hər tində böyük tonqallar yanır, ətrafında şənlənən dəstələr fırlanırdı. Bütün İngiltərədə bir söhbət vardı - təzə körpə, Uels şahzadəsi Eduard Tüdor. O isə ipəyə, atlaza bürünüb yatmışdı; bu hay-küydən xəbərsizdi, böyük lordların və xanımların başına dolandığını bilmirdi - vecinə də deyildi. O biri körpədən, yoxsul cındırlara bürünmüş Tom Kentidən isə söz düşmürdü; təkcə indicə gəlib varlığı ilə başlarına dərd olduğu dilənçi ailəsi ondan danışırdı.