Ödəniş üsulları, geri ödəniş halları və hesablanma qaydası
Bu səhifə Based.Az platformasında ödənişlərin aparılması və geri ödəniş prosedurlarını izah edir. Sifarişin təsdiqi və ödəniş zamanı “oxudum və qəbul edirəm” işarəsini qoymaqla siz bu qaydaları qəbul etmiş olursunuz.
1.1. Ödənişlər yalnız aşağıdakı rəsmi kanallar və istifadəçinin Based.Az balansı vasitəsilə qəbul edilir: Kapital Bank (BirBank), e-point rəqəmsal ödəniş sistemi, M10, Portmanat, Google Pay / Apple Pay, habelə Based.Az-ın VÖEN-ə bağlı, saytda göstərilən rəsmi kart hesabına kartdan-karta köçürmə.
1.2. Üçüncü şəxslərə edilən ödənişlərə görə Based.Az məsuliyyət daşımır.
1.3. Kartdan-karta köçürmə yalnız məbləğ Based.Az-ın bank hesabına faktiki daxil olduqdan sonra təsdiqlənmiş sayılır. İstifadəçinin təqdim etdiyi qəbz (çıxarış) təkbaşına ödənişin sübutu deyil, yalnız yoxlamanı sürətləndirir. Bu üsulla ödənişdə təhvil müddəti məbləğin daxil olduğu andan hesablanır.
1.4. Based.Az ödəniş sistemləri vasitəsilə edilən ödənişlərdə tam kart nömrəsinə, CVV koduna və kart şifrəsinə çıxış əldə etmir və onları saxlamır. Kartdan-karta köçürmədə yalnız bank çıxarışında görünən göndərən adı və maskalanmış kart nömrəsi ödənişin yoxlanılması üçün istifadə olunur.
1.5. Saytda ödəniş zamanı istifadəçidən komissiya tutulmur.
1.6. Şübhəli əməliyyat olduqda Based.Az icradan əvvəl ödəniş sənədini və kart sahibinin razılığını təsdiq edən məlumat tələb edə bilər. Məhsul təqdim edildikdən sonra ödənişin əsassız geri çağırılması (chargeback, Əsas Müqavilənin 5.6 bəndi) Əsas Müqaviləyə uyğun nəticələr doğurur.
2.1. Rəqəmsal məhsullar (abunəliklər, hesablar, promokodlar və digər elektron xidmətlər) adətən dərhal, gecikmə olarsa ödəniş təsdiqləndikdən sonra 24 saat ərzində təqdim edilir.
2.2. Rəqəmsal məhsul təqdim olunduğu andan təhvil verilmiş hesab olunur.
2.3. Təqdimat dedikdə hesab məlumatlarının, giriş imkanının, aktiv linkin, promokodun, dəvətin və ya abunəliyin istifadəçiyə ötürülməsi və ya aktivləşdirmənin tamamlanması başa düşülür.
2.4. İcraya başlanılması dedikdə aşağıdakı anlardan ən tezi başa düşülür: giriş məlumatlarının, kodun və ya dəvətin sizə ötürüldüyü an; şəxsi hesabınıza aktivləşdirmə üçün Based.Az-ın hesabınıza daxil olduğu an; həmin sifarişin icrası üçün məhsulun təmin edildiyi mənbəyə ödənişin edildiyi və ya mənbədəki əvvəlcədən ödənilmiş balansdan həmin sifariş üçün vəsaitin sərf edildiyi an. Konkret sifarişə bağlanmamış ümumi stok icraya başlanılma sayılmır (Əsas Müqavilə, 1.1). İcraya başlanılma anı Based.Az sisteminin qeydləri və sifarişin icrası ilə bağlı sənədlər əsasında müəyyən edilir. İcraya başlanılmamış sifarişi istənilən vaxt ləğv edə bilərsiniz (3.1).
Geri ödəniş yalnız aşağıdakı hallarda mümkündür:
3.1. İcraya başlanılmamış sifarişin ləğvi (“Elektron ticarət haqqında” Qanunun 9-cu maddəsi üzrə imtina).
3.2. Məhsul 2.1-ci bənddə göstərilən 24 saat ərzində təqdim edilməyibsə.
3.3. Təqdim edilən məhsul qüsurludursa, qüsur təhvildən sonra 24 saat ərzində bildirilirsə, bu hal sübutla (məsələn, video və ya ekran görüntüsü ilə) və ya Based.Az-ın öz yoxlaması ilə təsdiqlənirsə, istifadəçi xətası olmadığı müəyyən edilirsə və problem 24 saat ərzində həll edilə və ya məhsul əvəz edilə bilmirsə. Qüsurlu məhsul dedikdə təqdim edilmiş hesabın və ya xidmətin ilkin daxilolma və ilk istifadə mərhələsində texniki olaraq işləməməsi, habelə məhsulun sifariş anında göstərilən əsas xüsusiyyətlərə (plan, müddət, say, region, təqdimat forması) uyğun olmaması nəzərdə tutulur. Hazır və ortaq hesablar sifarişdən əvvəl aktivləşdirilə bildiyi üçün faktiki istifadə müddəti göstərilən müddətdən 10 faizədək (30 günlük paketdə 3 günədək) qısa ola bilər; bu fərq qüsur və ya zəmanət halı sayılmır. 24 saatlıq müddətlər Əsas Müqavilənin 8.4 bəndinə uyğun hesablanır.
3.4. Məhsul səhifəsində göstərilən zəmanət müddəti ərzində istifadəçinin günahı olmadan girişin itirildiyi və problemin 24 saat ərzində həll edilə və ya məhsulun əvəz edilə bilmədiyi hallarda (mütənasib qaytarma).
3.5. Based.Az sifarişi qəbul etmədikdə və ya əvvəlcədən bildirilməmiş texniki tələb səbəbindən istifadəçi giriş məlumatlarından istifadə etməzdən əvvəl sifarişdən imtina etdikdə.
Bu hallar xaricində geri ödəniş həyata keçirilmir.
4.1. İcraya başlanıldıqdan sonra imtina: istifadəçi icraya dərhal başlanılmasına açıq razılıq verdiyinə görə “Elektron ticarət haqqında” Qanunun 9-cu maddəsi üzrə imtina hüququ icraya başlanıldıqdan sonra tətbiq edilmir.
4.2. Rəqəmsal məhsul təqdim olunduqdan sonra fikir dəyişikliyi: hesabın və ya abunəliyin aktivləşdirilməsi təqdimat hesab olunur və 3-cü bölmədə göstərilməyən hallarda geri ödəniş əsası deyil.
4.3. Zəmanət müddəti xaricində platformanın hesabı deaktiv etməsi və ya əlavə yoxlama aparması: Netflix, Spotify, YouTube, OpenAI, Adobe və digər platformalar öz daxili siyasətinə əsasən abunəliyi ləğv edə bilər. Zəmanət müddəti xaricində bu hallara görə geri ödəniş edilmir.
4.4. İstifadəçinin səhvi: yanlış platforma və ya məhsul seçimi, yanlış e-mail, telefon və ya ID məlumatı daxil edilməsi, şəxsi cihaz problemi səbəbindən hesaba giriş edə bilməmək, VPN, region və ya cihaz uyğunluğu ilə bağlı əvvəlcədən bildirilmiş tələblərə əməl edilməməsi.
4.5. Qaydaların pozulması: ortaq hesabın giriş məlumatlarının dəyişdirilməsi, hesabın paylaşılması, multi-login və istifadə qaydalarının digər pozuntuları.
4.6. İstifadəçinin bəyənməməsi: təqdim edilən hazır hesab, qoşulma dəvəti, family paketi və ya aktivləşdirilmiş xidmət üzrə görünən e-poçt adı, profil adı, istifadəçi adı, hesab adı, qrup və ya family adı və oxşar identifikasiya elementləri əvvəlcədən yaradılmış ola bilər. Bu elementlər xidmətin funksionallığına təsir etmədikdə qüsur hesab olunmur və onların subyektiv olaraq bəyənilməməsi geri ödəniş, əvəzləmə, dəyişdirilmə və ya sifarişin ləğvi üçün əsas yaratmır.
5.1. Geri ödənişlər əsas qayda olaraq istifadəçinin Based.Az profilinə balans şəklində əlavə edilir. Balansa əlavə edilən məbləğdən heç bir xidmət haqqı tutulmur. Balans yalnız Based.Az daxilində istifadə edilə bilər.
5.2. 3.1, 3.2, 3.3, 3.4 və 3.5-ci bəndlərdə göstərilən hallarda (icraya başlanmamış sifarişin ləğvi, məhsulun təqdim edilməməsi, həll edilməyən ilkin qüsur, zəmanət halı, sifarişin qəbul edilməməsi və ya əvvəlcədən bildirilməmiş texniki tələb) istifadəçi balans əvəzinə məbləğin ödəniş etdiyi üsulla qaytarılmasını yazılı tələb edə bilər. Bu hallarda məbləğ (zəmanət halında mütənasib məbləğ) xidmət haqqı tutulmadan qaytarılır.
5.3. Digər hallarda balansdakı məbləğin ödəniş üsuluna qaytarılması (nağdlaşdırma), o cümlədən Based.Az-ın könüllü kompensasiyasının və istifadəçinin özünün artırdığı balansın nağdlaşdırılması istifadəçinin yazılı müraciəti və Based.Az-ın təsdiqi ilə mümkündür. Nağdlaşdırma yalnız məbləğin daxil olduğu ödəniş üsuluna və mümkün olduqda eyni karta edilir. Nağdlaşdırmadan xidmət haqqı tutulmur.
5.4. Mütənasib qaytarma belə hesablanır: məhsulun qiyməti ümumi istifadə müddətinə bölünür və istifadə edilməmiş müddətə vurulur. Alınan məbləğ tam həcmdə balansa əlavə edilir. İstifadə edilməmiş müddət müraciətin canlı dəstəyə daxil olduğu gündən hesablanır və günlə ölçülür (1 ay = 30 gün); Based.Az-ın yoxlama müddəti istifadəçinin əleyhinə hesablanmır.
Nümunə: 12 aylıq 84,99 AZN dəyərində abunəlik üzrə zəmanət halı 3 ay istifadədən sonra yaranıb və həll edilə bilməyib.
İstifadə edilməmiş müddət: 9 ay. Mütənasib məbləğ: 84,99 / 12 x 9 = 63,74 AZN. Bu məbləğ xidmət haqqı tutulmadan balansa əlavə edilir.
İstifadəçi bu məbləğin karta qaytarılmasını tələb edərsə, 5.2-ci bəndə uyğun olaraq həmin 63,74 AZN karta da xidmət haqqı tutulmadan qaytarılır.
5.5. Vaxtla məhdud məhsullarda istifadə müddətinin 90 faizi və ya daha çoxu keçdikdə mütənasib geri ödəniş hesablanmır və balans əlavə edilmir.
5.6. Müddətlər: geri ödəniş müraciətinə Based.Az canlı dəstəyin iş saatları nəzərə alınmaqla 24 saat ərzində cavab verir və istifadəçiyə geri ödənişin formasını (balans və ya ödəniş üsulu) təsdiq etməyi təklif edir. İstifadəçi formanı təsdiq etdikdən sonra balansa əlavə ən geci 1 iş günü ərzində, ödəniş üsuluna qaytarma əmri isə ən geci 7 gün ərzində verilir. Məbləğin karta və ya ödəniş sistemində əks olunması bankdan və ödəniş sistemindən asılıdır və 1 ayadək çəkə bilər; bu müddət Based.Az-ın nəzarətində deyil. İcraya başlanılmamış sifarişin ləğvində (3.1) 7 günlük müddət ləğv müraciətinin alındığı gündən hesablanır; istifadəçi 2 iş günü ərzində forma seçməzsə, məbləğ ödəniş etdiyi üsulla qaytarılır.
5.7. Qaytarılan məbləğ heç bir halda həmin sifariş üzrə faktiki ödənilmiş məbləği keçmir.
5.8. İstifadəçi 7-ci bölməyə uyğun bloklandıqda balansındakı qalıq itmir. Bloklama səbəbi istifadəçiyə profilində göstərilir və istifadəçi [email protected] ünvanına müraciət edə bilər. Based.Az 10 iş günü ərzində yoxlama aparır və nəticəni istifadəçiyə yazılı bildirir. Fırıldaqçılıq təsdiqlənmədikdə balans qalığı Based.Az-ın təsdiqindən və istifadəçinin qaytarma formasını təsdiq etməsindən sonra xidmət haqqı tutulmadan qaytarılır. Fırıldaqçılıq təsdiqləndikdə fırıldaqçılıq yolu ilə əldə edilmiş məbləğ qaytarılmır.
6.1. Based.Az xidmətin aktivləşdirilməsinə və məhsul səhifəsində göstərilən zəmanət müddəti ərzində zəmanət öhdəliyinə görə məsuliyyət daşıyır və platformaların daxili siyasətinə qarışa bilməz.
6.2. Zəmanət müddəti xaricində abunəlik təqdim edildikdən sonra məhsulun işləməsi, ləğvi, deaktiv olunması və ya texniki problemlər müvafiq platformanın (Netflix, YouTube, Spotify, OpenAI və s.) məsuliyyət sahəsinə daxildir.
6.3. Zəmanət müddəti xaricində bu kimi üçüncü tərəf müdaxilələrinə görə Based.Az tərəfindən geri ödəniş və ya əvəzləmə öhdəliyi yaranmır.
7.1. Kobud qayda pozuntusu (saxta qəbz, kart fırıldaqçılığı, hesab oğurluğu, əsassız chargeback, ortaq hesabın məlumatlarının dəyişdirilməsi və s.) şübhəsi olduqda istifadəçinin alış imkanı müvəqqəti dayandırıla, pozuntu təsdiqləndikdə isə istifadəçi müddətsiz bloklana bilər. Hər iki halda 5.8-ci bənd tətbiq edilir.
7.2. Based.Az zəruri hallarda qanunvericiliyə uyğun olaraq məlumatları hüquq-mühafizə orqanları ilə paylaşa bilər.
Sifariş verilməsi və ödəniş edilməsi istifadəçinin bu Ödəniş və Geri Ödəniş Qaydalarını tam şəkildə qəbul etməsi deməkdir.
Bu səhifə Based.Az xidmət şərtlərinin tərkib hissəsidir və Əsas Müqavilə ilə birlikdə tətbiq olunur. Sifariş rəsmiləşdirilərkən qüvvədə olan redaksiya həmin sifarişə şamil edilir və sistemdə saxlanılır.
Sənəd kodu: Ə-5 · Əsas Müqavilə: https://based.az/rules