Activision rəsmi olaraq açıqladı: Call of Duty: Warzone Mobile 17 aprel 2026-da tam bağlanır. Serverlər söndürüləcək, CoD Points geri qaytarılmayacaq və mobil fokus yenidən Call of Duty: Mobile üzərinə keçəcək.
Warzone Mobile üçün yolun sonu: 17 apreldə serverlər bağlanır
Mobil battle royale oyunu Call of Duty: Warzone Mobile üçün rəsmi olaraq son tarix açıqlandı. Yayımçı Activision bildirib ki, oyunun serverləri 17 aprel 2026 tarixində tamamilə bağlanacaq və həmin gündən sonra oyun artıq oynanıla bilməyəcək. Bununla da Warzone Mobile-ın aktiv xidmət dövrü rəsmi şəkildə başa çatacaq.
Bu qərarın siqnalları əslində bir müddətdir görünürdü. Mövsümi məzmun və gameplay yeniləmələri dayandırılmış, daha sonra isə 2025-ci ilin may ayında oyun App Store və Play Store-dan silinmişdi. İndi isə son mərhələ təsdiqlənib: serverlər tamamilə bağlanır.
Activision açıqlamasında layihəni dəstəkləyən oyunçulara və inkişaf prosesində iştirak edən komandaya təşəkkür edib. Şirkət vurğulayıb ki, icmanın rəyləri Call of Duty seriyasının gələcəyi üçün önəmlidir. Eyni zamanda bildirilib ki, mobil istiqamətdə fokus başqa bir Call of Duty təcrübəsinə yönələcək. Hazırda mobil platformada əsas layihə kimi Call of Duty: Mobile qalır və bu oyuna müntəzəm mövsümi məzmun və yeniləmələr təqdim olunmağa davam ediləcək.
Gözləniləni vermədi
Warzone Mobile 21 mart 2024 tarixində iOS və Android üçün yayımlandı. Oyun klassik Warzone təcrübəsini mobil cihazlara gətirməyi hədəfləyirdi və Verdansk ilə Rebirth Island xəritələrini təqdim edirdi. Lakin layihə PC və konsol versiyasındakı qədər uğur qazana bilmədi.
Activision daha əvvəl açıqlamışdı ki, oyun mobil oyunçular arasında gözləntiləri qarşılamayıb. Şirkətin sözlərinə görə, Warzone Mobile PC və konsol auditoriyasında gördüyü qarşılığı mobil bazarda əldə edə bilmədi. Bu səbəbdən də 2025-ci ilin mayında mağazalardan silindi və yeni məzmun əlavə edilməsi dayandırıldı.

CoD Points və geri ödəniş məsələsi
Serverlər bağlanana qədər oyunu cihazında quraşdırmış istifadəçilər daxil olub əvvəllər aldıqları məzmundan istifadə edə biləcəklər. Lakin 17 aprel 2026-dan sonra giriş mümkün olmayacaq.
Activision təsdiqləyib ki, istifadə olunmamış CoD Points üçün geri ödəniş olmayacaq. Oyunçulara tövsiyə olunur ki, balansdakı xalları bağlanış tarixindən əvvəl istifadə etsinlər. Real pul ilə yeni alışlar isə artıq mümkün deyil, çünki oyun 2025-ci ilin mayından etibarən rəqəmsal mağazalardan silinib. Bu hər nə qədər düzgün hərəkət olmasa, daha əvvəl bağlanan başqa bir böyük mobil oyun olan Apex Legends Mobile üçün də Electronic Arts eynisini etmişdi. İndi isə Activision tərəfdə də eyni mənzərəni var. EA və Activision-un müştəri razılığı mövzusunda xoş olmayan ortaq fikirlərinin olduğunu açıq şəkildə görürük.
Qısa ömür, zəif start
Warzone Mobile-ın ömrü cəmi iki ilə yaxın oldu. Maliyyə baxımından da start güclü deyildi. Məlumatlara görə, oyun ilk dörd gündə təxminən 1.4 milyon dollar gəlir əldə etmişdi. Müqayisə üçün, Call of Duty: Mobile eyni müddətdə 4.2 milyon dollar qazanc toplamışdı. Bunun ilkin səbəbi oyunun ilk vaxtlarında sadəcə üst səviyyə telefonlar xaric, digər cihazlarda ciddi performans problemlərinin olması idi. Orta və aşağı seqment telefonlarda FPS düşürdü, oyun qızırdı, donurdu, bəzi hallarda birbaşa çökürdü.
Oyunu çıxartmazdan əvvəl optimizasiya məsələsini unutmuşdular deyəsən . Onsuz da PC-lər də belə ağır çalışan Warzone-un , mobil telefonların başına oyun açacağını düşünməyiblər. Nəticədə oyun ilk gündən “zibil kimi port” damğası yedi və mobil oyunçu onu qəbul etmədi.
Ümumilikdə Warzone Mobile mobil bazarda PC və konsoldakı uğuru təkrarlaya bilmədi və gözlənilən uzunmüddətli dəstək planına çatmadan bağlanma qərarı ilə üzləşdi. Bundan sonra mobil Call of Duty təcrübəsi tam olaraq Call of Duty: Mobile üzərində davam edəcək.
Şərh yazmaq üçün daxil olun
Bloq yazısına şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

